Bakı. Trend:
Hazırda baş vermiş qəza ilə bağlı Qazaxıstan Respublikasının Dövlət Komissiyası hadisənin araşdırılması və təhlili istiqamətində fəaliyyətini davam etdirir.
Trend xəbəri verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının təqdimatı zamanı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hansa bir hadisə baş verdikdən sonra, bir ay ərzində İlkin Hesabat Komissiya tərəfindən hazırlanır və bütün aviasiya qurumlarına təqdim olunur:
"İlkin Hesabat 2024-cü ilin yanvar ayının sonunda Azərbaycana da təqdim edilib. Hesabatın mətnində baş vermiş faktlar əks olunub və eyni zamanda təyyarənin göyərtəsində yerləşən və obyektiv parametrləri qeydə alan, "qara qutu" adlandırılan cihazın oxunması və təhlili nəticələri yer alıb.
Növbəti mərhələdə müəyyən olunub ki, təyyarənin naviqasiya sistemlərində ciddi nasazlıqlar baş verib. Bunun əsas səbəbi həmin gün Qroznı Hava Limanı ətrafında Rusiya Hərbi Hava Müdafiə Qüvvələrinin dronlara qarşı apardığı mübarizə tədbirləri olub.
Nəticədə, uçuş heyəti havada bir sıra problemlərlə üzləşib. Üstəlik, hava şəraitinin də əlverişsiz olması vəziyyəti daha da çətinləşdirib".
O qeyd edib ki, gözəçarpan ilk şey məsuliyyətsizlikdir:
"Qroznı Hava Limanı ətrafında Rusiya Hərbi Hava Müdafiə Qüvvələrinin dronlara qarşı mübarizə aparırdısa təyyarəmizi qəbul etməməliydilər".
