Bakı. Trend:
Qrip infeksiyası ilə mübarizədə ən təsirli vasitə spesifik peyvəndin istifadə olunmasıdır. Hər epidemioloji fəsildə bir neçə qrip ştamına rast gəlinir. Qripə qarşı hazırlanmış peyvəndlər 3 və ya 4 komponentli olub, onların tərkibində ətraf mühitdə sirkulyasiya edən əsas fəsli qrip ştamlarının zülal hissəcikləri var.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
Onun sözlərinə görə, peyvəndin tərkibində canlı virus olmadığından peyvənd olunmuş şəxs qriplə xəstələnə bilməz:
“Beləliklə, vaksinasiya olunan şəxslərdə həmin qrip ştamlarına qarşı immunitet formalaşır. Ona görə peyvənd olunmuş şəxsin orqanizmi artıq bu virusların hissəcikləri ilə təmasda olduğu üçün payız-qış aylarında baş verən yoluxma zamanı onların əksər hissəsi xəstələnmir və ya infeksiyanı simptomsuz keçirir. Digər qismi isə hətta xəstələnərsə belə, bu zaman xəstəlik yüngül keçir, fəsadlaşmır və tezliklə sağalma baş verir.
Bəs peyvənd birinci növbədə kimlər üçün daha çox vacibdir? Bu suala cavab vermək üçün bilməliyik ki, xəstəliyin gedişi və nəticələri bir başa immun sistemin iş qabiliyyətindən asılıdır. Yəni, immun sistemində səbəbindən asılı olmayaraq, müəyyən çatmazlıq olan insanlar bu infeksiyanı ağır və fəsadlı keçirir, bəzi hallarda hospitalizasiya tələb olunur.
Beləliklə, immun sistemi yaşa görə hələ tam formalaşmamış 5 yaşdan kiçik uşaqlar, fizioloji immunsupressiyası olan hamilə qadınlar, 65+ yaşlı ahıl şəxslər, o cümlədən müxtəlif ağır, xroniki xəstəlikləri hesabına immun sistemi zəifləmiş şəxslər qrip infeksiyasını daha əlverişsiz keçirəcəyi anlaşılır.
Peyvənd vasitəsilə birinci növbədə bu şəxsləri qorumaq lazımdır. Beləliklə, qripə qarşı peyvənd olunmaqla özünüzü bir çox xoşagəlməz və bəzən pis nəticələnən xəstəlik hallarından sığortalaya bilərsiniz”.
T.Eyvazov qeyd edib ki, qripin uşaqlar arasında yayılma
xüsusiyyətləri var:
“Belə ki, uşaq orqanizmi hələ tam formalaşmadığı üçün müxtəlif
infeksiyalara, o cümlədən qripə qarşı heç də həmişə adekvat
reaksiya verə bilmir. Digər tərəfdən yetkinlərlə müqayisədə bu cür
viruslarda yoluxaraq immunlaşma "təcrübəsi" daha azdır. Nəzərə
alsaq ki, uşaqların demək olar ki, əksəriyyəti təşkil olunmuş iri
kollektivlərdə (bağça, məktəb və s.) olurlar. Bu zaman hansısa bir
xəstə uşaq tərəfindən gətirilən qrip virusu daha çox sayda digər
uşaqların yoluxaraq xəstələnməsinə səbəb olur.
Bu hal ayrı-ayrı uşaqlar tərəfindən tez-tez təkrar olunduqda, kollektivdəki digər uşaqlar bütün mövsüm ərzində bir neçə dəfə xəstələnirlər və xəstələnmə bəzən kütləvi hal ala bilər. Ona görə də valideynlər uşağın xəstələnməsini müəyyən etməli və xəstə uşağı bağçaya, məktəbə göndərməməlidirlər.
Xəstə uşaq evdə imkan daxilində izolə edilməli, birinci növbədə 5 yaşın altında olan uşaqların valideynləri dərhal həkimə müraciət etməlidirlər. 3-5 gündən çox müddətdə hərarətin yüksək qalması və ya azalaraq yenidən artması qripin ağır və ya fəsadlaşmış gedişindən xəbər verir. Belə hallarda özünü müalicə ilə məşğul olmamalı və təcili həkimə müraciət etmək lazımdır.
Yadda saxlamaq lazımdır ki, qrip zamanı yüksək hərarət kiçik yaşlı uşaqlarda qıcolmalara səbəb ola bilər, həmçinin inaq inkişaf edə bilər. Bu hallar uşağın həyatı üçün ciddi təhlükə yaradır”.
Mütəxəssis ekspert bildirib ki, peyvənd olunmaq könüllü olduğundan əhali arasında aparılan maariflənmənin məqsədi məhz risk qrupuna daxil olan həmin şəxslərin birinci növbədə tibb müəssisələrinə peyvənd olunmaq üçün müraciət etməsinə nail olmaqdır:
“Qeyd edək ki, ölkəmizə gətirilmiş “Sanofi Pasteur” (Fransa) şirkətinin istehsalı olan qrip əleyhinə preparat kifayət qədər effektiv və təhlükəsizdir. Əhali yaşayış və iş yerlərində ərazi üzrə xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrinə müraciət etməklə ödənişsiz əsaslarla peyvənd oluna bilərlər.
Peyvənd olunduqdan sonra ən azı 2 həftə lazımdır ki, qripə qarşı immunitet formalaşsın. Ona görə daha yaxşı olar ki, peyvənd qripin daha az yayıldığı sentyabr və ya oktyabr aylarında vurulsun. Lakin bütün epidemik fəsil boyu da bunu etmək olar”.
