...

Müdafiə Nazirliyinin vəzifəli şəxsinin qanunsuz əməlləri üzrə cinayət işi məhkəməyə göndərilib

Gündəm Materials 6 Yanvar 2026 16:46 (UTC +04:00)
Müdafiə Nazirliyinin vəzifəli şəxsinin qanunsuz əməlləri üzrə cinayət işi məhkəməyə göndərilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı istintaq olunan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.

Trend-in məlumatına görə, Tağıyev Ruhin Zeyid oğlunun Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində ümumilikdə 4 şəxsdən 20.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində ümumilikdə 4 şəxsdən 13.500 manat məbləğində pul vəsaiti alaraq nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Eyni zamanda cinayət işindən oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, materiallar Müdafiə Nazirliyi tərəfindən Baş Prokurorluğa göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti