Bakı.Trend:
Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən şəxslərdən biri Rəşad Əhmədov barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Trend xəbər
verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi
keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə
saxlanılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişməyib.
Qeyd edək ki, cinayət hadisəsi 2023-cü il martın 28-də Sabunçu
rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı
Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov”
avtomat silahından atəş açılaraq sui-qəsd edilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş
idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai
xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu
fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə),
228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz
olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə
etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət
işi başlanılıb.
Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin
əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri
nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər
tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi
Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov,
Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham
elan edilib.
