Bakı.Trend:
Hazırda ölkənin bir neçə ərazilərdə, xüsusi ilə Abşeron yarımadasında güclü, arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntılar müşahidə olunur. Mövcud hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə edilən xəbərdarlıqda deyilir.
Bununla əlaqədar yol polisi bir daha bütün yol hərəkəti
iştirakçılarını son dərəcə diqqətli olmağa, yol hərəkəti
qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.
Xüsusilə xahiş olunur:
-hava və yol şəraitinə uyğun təhlükəsiz sürət rejiminə riayət edilsin;
-nəqliyyat vasitələri arasında məsafə və yan interval qorunsun;
-manevr zamanı, xüsusilə güclü külək və sürüşkən yol şəraitində ehtiyatlı davranılsın;
-işıqlandırma cihazlarından düzgün istifadə edilsin.
Eyni zamanda bildiririk ki, belə hava şəraitində piyadalar daha
həssas vəziyyətdə olurlar. Sürücülərdən piyada keçidlərinə, ictimai
nəqliyyat dayanacaqlarına və yaşayış məntəqələrinə yaxın ərazilərdə
xüsusi diqqət tələb olunur. Yolun su yığılan hissələrindən keçərkən
piyadaların üzərinə su sıçratmaq yolverilməzdir və bu cür davranış
təhlükə yaradır.
Yol polisi bütün yol hərəkəti iştirakçılarını qarşılıqlı hörmətə,
məsuliyyətə və ehtiyatlılığa çağırır. Qaydalara əməl olunması və
diqqətli davranış çətin hava şəraitində yol-nəqliyyat hadisələrinin
qarşısının alınmasında vacib amildir.
