Bakı. Trend:
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) fondlarında elm və texnikanın bütün sahələrini əhatə edən yerli və xarici nəşrlər, o cümlədən kitab, jurnal, qəzet və digər çap nümunələri qorunub saxlanılır.
Bir əsrlik tarixi olan kitabxananın fondları hər il müxtəlif dövlət müəssisələrindən, nəşriyyatlardan, şirkətlərdən daxil olan, həmçinin müəlliflər və oxucular tərəfindən hədiyyə edilən kitablar, dünyanın 35 ölkəsinin beynəlxalq patent idarələrinin 27 dildə sənədləri hesabına yenilənir.
Əqli Mülkiyyət Agentliydən Trend-ə verilən məlumata görə, bu günlərdə RETK tərəfindən ilk dəfə olaraq informasiya bülleteni hazırlanaraq oxuculara təqdim olunub. İnformasiya bülleteni 2025-ci ildə kitabxananın fondlarına müxtəlif dillərdə daxil olmuş mənbələr əsasında tərtib edilib.
Bülletenin ilk sayında mütəxəsisslər elm və texnikanın müxtəlif sahələri, informatika, metrologiya, riyaziyyat, təbiət elmləri və s. üzrə həm bütün regionlar üçün ümumi olan mövzuların, həm də ayrı-ayrı ölkələrə xas olan problemlərin öyrənilməsinə həsr edilmiş araşdırmalarla tanış ola biləcəklər. Son illər kitabxananın fonduna daxil edilmiş xeyli sayda yeni nəşrlər texnika, kənd təsərrüfatı, inşaat, memarlıq, tarix, coğrafiya sahələrində çalışan mütəxəssislər və tədqiqatçılar üçün bir sıra elmi problemlərin öyrənilməsində etibarlı mənbə rolunu oynayacaq.
Redaksiya heyəti tərəfindən informasiya bülleteninin hər il yeni buraxılışlarının hazırlanması nəzərdə tutulur.
