Bakı.Trend:
“AzərEnerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəhbərliyinin iştirakı ilə görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə “AzərEnerji” ASC məlumat yayıb.
Qeyd edək ki, “AzərEnerji” ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri arasında keçirilən bu görüş Prezident İlham Əliyevin fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair müşavirədə verdiyi tapşırıqlardan sonra keçirilən sayca ikinci görüşdür və görüşdə dövlət başçısının 10 dekabr 2025-ci il tarixli 841 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya” çərçivəsində enerji sistemində həyata keçirilən tədbirlər nəzərdən keçirilib.
“AzərEnerji” tərəfindən edilən təqdimat zamanı Elektroenergetika Obyektləri üzrə Operativ Məlumat Sistemi (EOOMS), SCADA və WAMS/WACS sistemlərinin tətbiqi, monitorinq və operativ idarəetmə imkanları barədə məlumat verilib. Həmçinin monitorinq məqsədilə xüsusi təchiz olunmuş nəqliyyat vasitələri və enerji obyektlərində rəqəmsal nəzarət mexanizmləri diqqətə çatdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nümayəndələri təhlükəsizlik və kibertəhlükəsizlik sistemləri, o cümlədən Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə məlumat verərək, birgə əməkdaşlıq və ixtisasartırma imkanlarını təqdim ediblər.
Müzakirələr zamanı enerji ilə əlaqəli data mərkəzlərinin enerji təchizatı, strateji obyektlərin yaxınlığında data infrastrukturunun qurulması, fiber-optik şəbəkənin inkişafı və “AzərEnerji” ASC-nin myGov.az platforması ilə inteqrasiyası məsələləri də əhatə olunub. Qeyd edilib ki, inteqrasiya mərhələli şəkildə həyata keçiriləcək və istifadəçi sayının artırılması nəzərdə tutulur.
Görüş çərçivəsində tərəflər rəqəmsallaşma, kibertəhlükəsizlik və data mərkəzlərinin inkişafı üzrə birgə fəaliyyət istiqamətlərini razılaşdırıblar.
