Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir İ.Əlizadə, S.Kazımlı/ Azərbaycan paytaxtı Bakı şəhərində yerləşən Əbu-Bəkir məscidində bazar günü saat 21.00 radələrində axşam namazı zamanı partlayış baş verib. Trend -un hadisə yerində olan əməkdaşı xəbər verir ki, naməlum şəxsin pəncərəni daşla sındıraraq, iki ədəd RQD-1 əlqumbarasını məscidin içərisinə atması nəticəsində üç nəfər ölüb, səkkiz nəfər isə yaralanıb.
Trend -a yaralıların çatdırıldığı Musa Nağıyev adına xəstəxanadan verilən məlumata görə, 53 yaşlı Abbasov Rafiq ölüb, bundan əlavə adı açıqlanmayan 22 yaşlı gənc də dünyasını dəyişib. Yaralılar 1976-cı anadan olan Xasayev Sahib Rudigar oğlu (yüngül yara alıb və artıq evə buraxılıb), 1985-ci ildə anadan olan Camalov Rəşad Nazim oğlu, 1981-ci ildə anadan olan İbrahimov Daşqın, 1984-cü il təvəllüdlü Məmmədov Namiq, eyni ildə anadan olan İsmayılov Rəşad və 25 yaşlı Salahov Vüqardır (ağır vəziyyətdə reanimasiyada yerləşdirilib). Bir necə dəqiqə bundan əvvəl Musa Nağıyev adına xəstəxanaya Səfərəliyev Ruslan adlı daha bir yaralı gətirilib.
Məscidin imamı Qamət Süleymanov yüngül xəsarət alıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Əbu-Bəkir məscidində əsasən vəhabi təriqətinə mənsub şəxslər ibadət edirlər. Bu il Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsciddə əməliyyat keçirmiş və nəticədə yayılması qadağan olunan dini kitablar müsadirə olunmuşdu.
Hadisə yerinə milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubov gəliblər. Lakin onlar jurnalistlərə heç bir açıqlama verməyiblər.
Məqalə müəllifi ilə əlaqə ünıanı: [email protected]