Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakı polisi dövriyyədə saxta əskinazlar aşkar edib.
Daxili İşlər Nazirliyindən cümə axşamı Trend-ə verilən məlumata görə, sentyabrın 22-də Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Saleh Əliyevin üstünə baxış zamanı ondan 1 ədəd 5 manatlıq saxta əskinaz aşkar edilərək götürülüb.
Əliyevə həmin əskinazı vermiş Kürdəmir rayon sakini Nazir Süleymanov tutulub və ondan 8 ədəd 5 manatlıq saxta əskinaz götürülüb.
Araşdırmalar zamanı Süleymanovun həmin əskinazları Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Seymur Yusifovdan alması müəyyən edilib.
Yusifov tutulub və onun evinə baxış zamanı oradan 2 ədəd 20 manatlıq saxta əskinaz, habelə onları hazırlanmaq üçün istifadə etdiyi avadanlıq (printer, skaner, kserokopiya aparatları, xətkeş, kəsici alət və kağızlar) aşkar edilərək götürülüb.