...

Suriyadakı nümayişlər zamanı 16 nəfər həlak olub

Hadisə Materials 6 Oktyabr 2011 12:10 (UTC +04:00)
Suriyanın müxtəlif şəhərlərində dünən keçirilən nümayişlər zamanı 16 nəfər həlak olub. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Suriyadakı nümayişlər zamanı 16 nəfər həlak olub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyanın müxtəlif şəhərlərində dünən keçirilən nümayişlər zamanı 16 nəfər həlak olub. Bu barədə Trend "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

Yüzlərlə nümayişçi BMT Təhlükəsizlik Şurasının Suriya hökumətinə dair qətnaməsinin qəbuluna Çinin və Rusiyanın veto qoymasına qarşı etiraz aksiyalarında iştirak ediblər.

Çərşənbə axşamı Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, Suriyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməyə veto qoyublar.

Səsvermə zamanı qətnamənin qəbul olunmasının lehinə doqquz ölkə səs verib, dörd ölkə isə bitərəf qalıb.

Veto hüququndan Rusiya və Çin daxil olmaqla, BMT TŞ-nin 15 üzvündən 5 daimi üzvü istifadə edə bilər.

Türkiyənin Baş naziri Rəcəb Tayib Ərdoğan çərşənbə günü Cənubi Afrika Respublikasına səfəri zamanı bəyan edib ki, Türkiyə Prezident Bəşşar əl-Əsəd rejiminə qarşı öz sanksiyalar paketini hazırlayacaq.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Xəbər lenti

Xəbər lenti