...

Qazaxıstanda yol qəzasında ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 4 Aprel 2012 14:52 (UTC +04:00)
Şimali Qazaxıstanda yol nəqliyyat hadisəsində ölən beş nəfərdən dördü Azərbaycan vətəndaşıdır, beşincisi isə rus millətindən olan Qazaxıstan vətəndaşıdır.
Qazaxıstanda yol qəzasında ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatı əlavə edilib (İlk xəbər 14:05-də yayılıb)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir S. Ağayeva/

Şimali Qazaxıstanda yol nəqliyyat hadisəsində ölən beş nəfərdən dördü Azərbaycan vətəndaşıdır, beşincisi isə rus millətindən olan Qazaxıstan vətəndaşıdır. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov bildirib.

Ölən Azərbaycan vətəndaşları - Quliyev Eldəniz Bahadır oğlu (1972-ci il təvəllüdlü), Musayev Həzi Alxas oğlu (1973), Həsrətov Orxan Söhrab oğlu (1989) və onun atası Həsrətov Söhrab Zəbi oğludur (1968).

"Ölən 4 nəfərin hamısı Azərbaycanın Lənkəran rayonunda anadan olublar və müvəqqəti iş dalınca Qazaxıstana gələrək tikintidə işləyiblər", - səfir deyib.

Ölən Qazaxıstan vətəndaşı Dmitri Sarayev 1942-ci ildə anadan olub.

Səfir qeyd edib ki, ölən Azərbaycan vətəndaşlarının cəsədləri yaxın vaxtlarda Astanaya çatdırılacaq, rəsmi sənədləşdirilmədən sonra isə Bakıya göndəriləcək.

Qeyd edək ki, çərşənbə günü regionun Daxili İşlər Departamentinin mətbuat xidmətindən "Novosti-Kazaxstan" informasiya agentliyinə bildirmişdilər ki, ölənlərin hamısı Azərbaycan vətəndaşları olub.

Qazaxıstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, faciə aprelin 3-də saat 17:00 radələrində Tayınşinsk rayonundakı magistralda Draqomirovka kəndi yaxınlığında baş verib. "Folksvagen Qolf" avtomobili "Sinatruk" markalı yük maşını ilə toqquşub. Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Hazırda yol qəzası faktı üzrə bütün zəruri ekspertiza aparılır.

Xəbər lenti

Xəbər lenti