Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir E.Mehdiyev/
Fövqəladə Hallar Nazirliyi ağır yol qəzas haqqında məlumat yayıb.
Trend FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda (aeroport yolunda) sürücülərinin şəxsiyyəti məlum olmayan "SHACMAN" və "GMC" markalı iki yük avtomobili toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "SHACMAN" markalı avtomobil deformasiyaya uğrayıb və avtomobilin sürücüsü xəsarət alıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib.