Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/
Ələt-Astara avtomobil yolunun 72-ci km-də Mil-Muğan kollektoru üzərindəki körpünün bir zolağında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Bu barədə bazar ertəsi Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, ötən şənbə həmin körpü üzərindən çox iri qabaritli, normadan artıq yüklənmiş nəqliyyat vasitəsinin keçməsi nəticəsində körpünün 4-cü aşırımında 3 ədəd tir sınıb.
Mürsəliyev deyib ki, hazırda sınan tirlərin yerinə yenilərinin gətirib quraşdırılması istiqamətində işlər həyata keçirilir, yaxın vaxtlarda körpünün təmir olunmasına başlanılacaq.
Bir neçə gün ərzində bir zolaqda hərəkət dayandırılmaqla təmir işlərinə start veriləcək. Körpüyə müvafiq problemlə bağlı işarələr qoyulub, gecə üçün işıqlandırma sistemi ilə təmin olunub.
Xatırladaq ki, beşaşırımlı körpünün ümumi uzunluğu 90 metr, eni isə 11,5 metr təşkil edir. Son 3 il ərzində həmin körpüdə iritonnajlı maşınların keçməsi nəticəsində 12 ədəd sıradan çıxan tir dəyişdirilib.