Azərbaycan, Bakı, 8 mart /Trend/
Vyetnam, Malayziya və Sinqapurun hərbi və xilasetmə xidmətləri şənbə gününə keçən gecə radarların ekranından itmiş "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing 777-200" təyyarəsinin axtarışı üzrə birgə əməliyyat həyata keçirirlər. Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi Vyetnamın mülki aviasiya administrasiyasına istinadən xəbər verir.
Bir qədər əvvəl Vyetnamın "Tuoi Tre" agentliyi ölkənin HDQ-nin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat verib ki, təyyarə Kamau burnunun şimal-qərbində yerləşən Vyetnamın Txo-Çu adasından 153 mil məsafədə düşüb.
"Malaysia Airlines" şirkəti hələlik təyyarənin qəzaya uğraması faktını təsdiqləməyib. Malayziyanın nəqliyyat naziri Hişamuddin Hüseyn bildirib ki, təyyarənin qalıqlarının aşkar edilməsi barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bir az əvvəl xəbər verilmişdi ki, təyyarə ilə son əlaqə sahildən təxminən 220 kilometr aralıda, Cənubi Çin dənizi üzərində olub. Malayziyanın paytatı Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan "Boeing" təyyarəsi şənbə günü Malayziya vaxtı ilə saat 02:40-da radarların ekranından itib. Şənbə günü səhər aviaşirkət itmiş təyyarədə 14 ölkənin, o cümlədən bir Rusiya və iki Ukrayna vətəndaşının olduğunu təsdiqləyib.