Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bu günlərdə Dövlət Gömrük Komitəsi Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda spirtli içkilərin gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Cabbarov Asif Həpiş oğlunun idarə etdiyi "Mercedes Benz C 200" markalı, "90-LJ-745" dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşmiş Quliyev Xeybər Misir oğluna məxsus karton qutularda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda "Kremlin Avard", "Beluga" və "Stolicnaya vodka" araqları aşkar edilərək götürülüb.