Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda yol polisinin 2014-cü ildə cinayətkarlıqla mübarizə sahəsində gördüyü işlərin nəticələri açıqlanıb.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, 2014-cü ildə polisin digər xidmətləri ilə birgə DYP əməkdaşları tərəfindən 3 ədəd avtomat silah ("Kalaşnikov" tipli), 5 ədəd tapança, 5 ədəd tüfəng, 1 ədəd tank əleyhinə raket mərmisi, 4 ədəd avtomat sandıqçası, 1 ədəd pulemyot qaytarıcı mexanizmi, 1 ədəd siqnal fişəngi və 432 ədəd müxtəlif kalibirli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.
İl ərzində polisin digər xidmətləri ilə birgə 27 fakt üzrə: 8 kiloqramdan çox (o cümlədən 551,61 qram marixuana, 3 qram heroin, 1 kq 98 qram tiryək, 6 kq 10 qram həşiş qatranı, 703,8 qram heroin, 0,7 qram kafein, 100,38 qram metilamfetamin) narkotik maddə aşkar olunub.
Ötən il ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 13 şəxs və 45 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 491 fakt və 253 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.