...

Tovuzda məktəb binasında yanğın söndürülüb, xəsarət alan yoxdur (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Hadisə Materials 2 May 2016 19:42 (UTC +04:00)
Tovuzun Alakol kəndində orta məktəb binasında baş vermiş yanğın nəticəsində sinif otaqları, idman zalı, kitabxana və digər tədris otaqları yanaraq yararsız hala düşüb.
Tovuzda məktəb binasında yanğın söndürülüb, xəsarət alan yoxdur (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:24-də yayılıb)

Bakı. Trend:

Trend TTV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzun Alakol kəndində orta məktəb binasında baş vermiş yanğın nəticəsində sinif otaqları, idman zalı, kitabxana və digər tədris otaqları yanaraq yararsız hala düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin 4 yanğınsöndürən avtomobili və 3 yanğınsöndürən tağımı cəlb edilib. Alovun qarşısı alınsa da, təhsil ocağına və digər yardımçı tikililərə ciddi ziyan dəyib.

Hadisə baş verən kimi məktəbdə olan müəllim və şagirdlər təxliyə ediliblər. Xəsarət alan olmayıb.

Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan qaynaqlandığı bildirilir.

X X X

18:39

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınla bağlı yaydığı məlumatda qeyd olunur:

"Tovuz rayonu, Alakol kəndində tam orta məktəbin binasında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək".

X X X

18:09

Tovuzda məktəb binasında baş verən yanğın məhdudlaşdırılıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin aidiyyəti struktur bölmələri yanğının vurduğu ziyanı müəyyənləşdirir.

Məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından iabrətdir. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından məktəb binası iki növbəli fəaliyyət göstərir.

Hadisə vaxtı məktəbdə 100-ə yaxın şagird olub və onlar yanğınsöndürmə briqadası tərəfində təxliyə olunub.

X X X

17:24

Tovuzda məktəb binası yanır.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.

Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını ram etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti