...

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 48 cinayətkar qrup zərərsizləşdirilib

Hadisə Materials 8 Noyabr 2016 17:12 (UTC +04:00)
Bu ilin 9 ayında Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 48 cinayətkar qrup zərərsizləşdirilib

Bakı. Trend:

Bu ilin 9 ayında Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu noyabrın 8-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə nazirlikdə keçirilən geniş Kollegiya iclasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işlər barədə məruzə edən H.Aslanov bildirib ki, bu ilin ötən dövründə 28 ərazi qurumu ilə qarşılıqlı əlaqədə 119 əməliyyat-profilaktik tədbir keçirilərək, qanunsuz dövriyyədən 160 kiloqrama yaxın tiryək, 37,7 kiloqram heroin, 14 kiloqram həşiş olmaqla, ümumilikdə, təxminən 211 kiloqram güclü təsirə malik narkotik vasitə götürülüb.

Cari ilin 9 ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar bütövlükdə 2511, o cümlədən satışla bağlı 620 müvafiq cinayət faktı müəyyən edilib, 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib. “Qara bazar”da dəyəri 6 milyon 774 min manat təşkil edən 784,5 kiloqram və ya ötən ilin 9 ayı ilə müqayisədə 52 kiloqram çox müxtəlif növ narkotik vasitə götürülüb, 70,8 kq və ya 11,4 kq çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Nazirliyin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə məsuliyyət nəzərdə tutan 209-cu maddə əlavə olunub. Şəhər, rayon polis orqanlarının narkotiklərlə mübarizə qurumları tərəfindən carı ilin 9 ayı ərzində həmin xətalarla bağlı 99 protokol tərtib edilib, 28 şəxs 6300 manat miqdarında cərimə edilib, daha 71 protokol üzrə müvafiq tədbirlər görülür. Ümumilikdə isə narkotiklərlə bağlı hüquqpozmalara görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub ki, onlardan da 63-ü həbs, 46-sı cərimələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti