Bakı. Trend:
Aprelin 9-da Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən Mədrəsə qəsəbə sakini Əhliman Bayramov bir gün əvvəl axşam saatlarında həyətinə girmiş naməlum 2 nəfərin oradan 2 baş qoyun apardığını bildirib.
DİN-dən Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların şəhər sakinləri Vüsal Quliyev və Malik Məmiyev olduqları müəyyən edilib. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların aprelin 6-da şəhər sakini Səxavət Feyzullayevin həyətindən də 2 baş qoyun oğurlamaları müəyyən edilib.
Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.