...

Neft Daşları istiqamətində insident: Sürətlə hərəkət edən naməlum hədəf zərərsizləşdirilib - DSX

Hadisə Materials 18 Fevral 2023 17:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Trend xəbər verir ki, fevral ayının 17-də saat 23:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə hərəkət edən 1 (bir) ədəd naməlum hədəf müşahidə edilib və dərhal sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib.

Sərhəd gözətçi gəmisi tərəfindən ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində Neft Daşlarının şimal-qərbində estakadaların arasında 1 (bir) nəfərin qayığın bortunda olan bağlamaları estakadanın üzərində olan naməlum şəxsə ip vasitəsilə ötürülməsi və estakadanın arasından çıxaraq sürətlə hərəkətini Cilov adası istiqamətində davam etdirməsi müşahidə olunmuşdur.

Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydalarını pozaraq gecə vaxtı strateji əhəmiyyətli infrakstrukturun təhlükəsizlik zonasına daxil olmuş qayığı idarə edən naməlum şəxs sərhədçilərin qanuni dayan tələblərinə məhəl qoymayaraq idarə etdiyi qayığı təqibdən yayınmaq məqsədilə sərhəd gözətçi gəmisinin ön sol bortuna vurmuşdur. Daha sonra sahilə doğru hərəkətini davam edərkən idarəetməni itirərək adanın cənub-şərqində olan estakadaya çırpılmış və qayığı idarə edən şəxs baş nahiyəsindən xəsarət almışdır.

Sərhəd gözətçi gəmisinin heyəti tərəfindən PR-2077 bort №-li, taxta tipli, yamaha-55 və yamaha-75 mühərrikli qayığın heyət üzvü 02.11.1991-ci il təvəllüdlü Pirallahı rayon, Pirallahı qəsəbə sakini Panfilov Roman Viktoroviç saxlanılaraq gəminin bortuna gətirilmiş, ilkin tibbi yardım göstərildikdən sonra sahilə çıxarılaraq Cilov adasında yerləşən Xəstəxanaya yerləşdirilmişdir.

Fakt üzrə araşdırma tədbiri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti