Bakı. Trend:
Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi xüsusi nəzarətindədir.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Baş Prokurorluğundan məlumat verilib.
"Baş Prokurorluq Azərbaycan aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaq üçün idarələrarası istintaq-əməliyyat qrupunun yaradıldığını elan edir. Xüsusi prokurorların rəhbərlik etdiyi qrupa nəqliyyat prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları daxil edilib", - deyə Baş Prokurorluqdan bildirilib.
Baş Nəqliyyat Prokuroru hökumət komissiyasının tərkibində hadisə yerinə göndərilib.
"Qazaxıstan Respublikasının Baş prokuroru istintaqı xüsusi nəzarətə götürüb", - Baş Prokurorluqdan bildirilib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.