Bakı. Trend:
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi adından Aktau şəhərində baş vermiş təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verirəm.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel açıqlamasında deyib.
"Aktau şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi adından həyatını itirənlərin yaxınlarına başsağlığı verirəm. Ruhlarının məkanı Cənnət olsun! Yaralananlara tezliklə sağalmağı arzulayıram.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəzanın səbəblərinin araşdırılması və ilkin yardım göstərilməsi üçün Hökumət komissiyası fəaliyyət göstərir. Hər iki ölkənin aidiyyəti qurumları birgə bütün zəruri tədbirləri görür. Qazaxıstanın tibb müəssisələri müvafiq yardımlar göstərir. Aktaun bir çox biganə olmayan sakinləri yaralananlar üçün qan verir. Qazaxıstanlılar Azərbaycanın Səfirliyi və Baş Konsulluğu önünə gül dəstələri qoyur. Qazaxıstanın Bakıdakı Səfirliyində bayraq yarıya endirilib", - səfirin müraciətində bildirilib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.