...

Respublika Psixiatriya Xəstəxanasının direktoru Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə psixoloji dəstək qrupunun işi barədə danışıb

Gündəm Materials 25 Dekabr 2024 18:18 (UTC +04:00)
Respublika Psixiatriya Xəstəxanasının direktoru Aktauda təyyarə qəzasında həlak olanların ailələrinə psixoloji dəstək qrupunun işi barədə danışıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə psixoloji dəstək qrupu yaradılıb.

Bu barədə Trend-ə Respublika Psixiatriya Xəstəxanasının baş direktoru Orxan Cəfərov bildirib.

O qeyd edib ki, Azərbaycan Səhiyyə Nazirliyinin nümayəndələri və yerində psixoloji yardım göstərən bir sıra mütəxəssislər, o cümlədən psixiatrlar Aktau şəhərinə göndərilib.

"İlk öncə təyyarə qəzasında həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Hazırda Səhiyyə Nazirliyinin nümayəndələri, mütəxəssislər və psixiatrlarımız Aktauda işləyir, psixoloji dəstək göstərirlər. Həmçinin, hava limanında psixiatr və psixoloqlardan ibarət qruplar fəaliyyət göstərir ki, onlar qurbanların yaxınlarına kömək edir, onlara mənəvi dəstək üçün tədbirlər keçirirlər", - o deyib.

Cəfərovun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda operativ şəkildə mütəxəssislər üçün iş qrafiki tərtib edilib.

"Hazırda hava limanında psixiatr və psixoloqlar növbətçilik edir, bütün lazımi yardımı göstərməyə hazırdırlar. Lazım gələrsə, mərhumların yaxınları tövsiyə və dəstək alacaqlar. İndiyədək qurbanların bir neçə yaxın qohumu ilə görüşmüşük, lakin onlardan hələ də həkimlərə heç bir müraciət daxil olmayıb", - o əlavə edib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti