Bakı. Trend:
"Azərbaycan Hava Yolları" QSC (AZAL) ona məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Trend xəbər verir ki, aviaşirkətin açıqlamasında bildirilir:
"Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq".
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.