Bakı. Trend:
Son məlumata görə, qəzaya uğrayan təyyarədən 32 nəfər sağ çıxıb.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.
O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir
"Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hazırda hər hansı bir nəticə deyə bilmirik. Lakin müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, iş başındadır", - o qeyd edib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.