Bakı. Trend:
Qırğızıstan bu gün Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau (Qazaxıstan) şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı yardım göndərməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeyevin açıqlama verib.
"Mən Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin rəhbərləri Çingiz Sayranoviç və Azərbaycanın FHN rəhbəri Kəmaləddin Heydərov ilə sıx əlaqə saxlayıram. Təyyarə qəzası ilə bağlı yardım göstərmək üçün xilasedicilərimiz tam hazır vəziyyətdədir. Lazım gələrsə, xilasetmə işlərinə dəstək üçün əlavə qüvvə və resurslar göndərməyə hazırıq. Qırğız Respublikasının Fövqəladə Hallar Nazirliyi hadisənin bütün detallarının aydınlaşdırılması və vətəndaşlarımıza köməklik göstərilməsi üçün Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi və aidiyyəti orqanlarla sıx əməkdaşlıq edir", - o bildirib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.