Bakı. Trend:
Rusiya diplomatları Aktauya “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin qəzasından sağ çıxan Rusiya vətəndaşlarına yardım göstərmək və məlumatları dəqiqləşdirmək üçün göndərilib.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı məlumat verib.
O qeyd edib ki, Rusiya XİN daxil olan məlumatları operativ şəkildə təqdim edəcək.
“Rusiya tərəfi Azərbaycan və Qazaxıstanın müvafiq nazirlik və qurumları ilə sıx əlaqədədir”, - deyə M.Zaxarova əlavə edib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.