Bakı. Trend:
Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinə Azərbaycanın Astanadakı səfirliyinin önünə gül dəstələri düzürlər.
Bu barədə Trend Səfirliyə istinadən xəbər verir.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.