...

Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı (FOTO/VİDEO) (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Dekabr 2024 11:06 (UTC +04:00)
Bakıdan Qroznıya uçan təyyarə Aktauda qəzaya uğradı (FOTO/VİDEO) (YENİLƏNİB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Trend xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayeb deyib.

“Aktauda təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaralılardan 11 nəfərinin vəziyyəti ağırdır. İlkin məlumatlara görə, sağ qalanlar arasında Qazaxıstan vətəndaşı yoxdur”, - deyə o bildirib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

xxx

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Trend xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin Aktauda qəzaya uğradığı əraziyə gəliblər.

"Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası təyyarənin qəzaya uğradığı yerə, Aktauya gəlib. Uçuş zamanı təyyarənin yandığı məlum olub. Xilasedicilər yanğını söndürməyə başlayıb. Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir; ilkin olaraq sağ qalanların olduğu bildirilir", - deyə nazirliyin məlumatında bildirilir.

xxx

Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova bildirib ki, qəza ilə əlaqədar Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində operativ qərargah yaradılıb.

"Aktauda baş verən təyyarə qəzasında ən azı altı nəfər sağ qalıb. Sağ qalan şəxslərin vəziyyəti son dərəcə ağırdır".

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları artıq Bakı-Qroznı marşrutu üzrə uçan təyyarənin qəzaya uğradığı yerə çatıblar. Fövqəladə Hallar Nazirliyinin komandanlıq mərkəzində respublika operativ qərargahı yaradılıb.

xxx

AZAL-dan Trend-ə bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

"Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir".

xxx

Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

xxx

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ilkin məlumatlara görə, Aktauda baş verən təyyarə qəzasında 25 nəfər sağ qalıb.

"Təyyarədə ümumilikdə 67 nəfər, o cümlədən 5 ekipaj üzvü olub. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb. Ümumilikdə qəza yerində 150 nəfər şəxsi heyət, 45 texnika, Fövqəladə Hallar Departamenti, Müstəqil Dövlət Yanğınsöndürmə Xidməti və Yol Polisinin qüvvələri cəlb edilib. Sərnişin siyahıları dəqiqləşdirilir", - deyə qurumun məlumatında qeyd olunub.

xxx

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ilkin məlumatlara əsasən, Aktauda baş verən təyyarə qəzasında 28 nəfər sağ qalıb.

"İlkin məlumata görə, sağ qalan 28 nəfərdən 2-si uşaqdır və onlar xəstəxanaya çatdırılıb", - deyə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat verib.

xxx

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov mətbuat konfransında deyib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib. Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olub.

“Hazırda Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən operativ dəstək göstərilir. Prezident İlham Əliyevin qərarına uyğun olaraq, hadisənin səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradılıb. Xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərilib.

Sərnişinlərin ailələri və yaxınları üçün qaynar xətt yaradılıb. Onlara xüsusi psixoloji dəstək göstəriləcək. Hadisənin araşdırılmasının nəticələri barədə yeni məlumatlar ictimaiyyətə təqdim ediləcək", - o bildirib.

xxx

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov qeyd edib ki, son məlumata görə, qəzaya uğrayan təyyarədən 32 nəfər sağ çıxıb.

O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanlarının əməkdaşları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir

"Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hazırda hər hansı bir nəticə deyə bilmirik. Lakin müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, iş başındadır", - o qeyd edib.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti