Bakı. Trend:
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə ölkədə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə TƏBİB-in tabeliyində olan bir sıra tibb müəssisələrinin (mərkəz və şöbələrinin) insult üzrə beynəlxalq sertifikasiyası həyata keçiriləcək.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, artıq bu istiqamətdə hazırlıq işlərinin görülməsi, tibb müəssisələrinin fəaliyyətinin və təşkilati strukturunun qiymətləndirilməsi, eləcə də beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması işlərinə başlanılıb.
"İlkin mərhələdə Yeni Klinika ixtisaslaşmış insult mərkəzi olmaqla, Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının ilkin səviyyədə sertifikatlaşdırılma prosesinə cəlb olunması nəzərdə tutulur",- deyə məlumata əlavə edilib.
Qeyd edilib ki, bu sertifikasiya Ümumdünya İnsult Təşkilatının əsas meyarlarına uyğun olaraq müəyyənləşdirilir.
"Gələcəkdə insult xəstəliyi üzrə tibbi xidmətlərin təkmilləşdirilməsi prosesinin genişləndirilməsi və bu istiqamətdə sertifikasiyaya cəlb olunan tibb müəssisələrinin siyahısının artırılması planlaşdırılır",- deyə qurumdan bildirilib.