Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. Azərbaycan parlamentinin spikeri bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda deyilir:
"Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində insanların həlak olması xəbəri hər birimizi sarsıtdı. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.