Bakı. Trend:
İl ərzində xarici kvalifikasiyaların tanınması ilə bağlı 6013 müraciət üzrə ekspertiza həyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media üçün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, keçirilmiş ekspertiza nəticəsində 4891 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim olunub.
“Digər 1122 müraciət üzrə mənfi rəy verilib və müraciətçilərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.
Kvalifikasiyaların tanınması üzrə ən çox müraciət Rusiya Federasiyası (1841), Türkiyə Respublikası (1616), Ukrayna (1377), Gürcüstan (296) və Birləşmiş Krallıqdan (189) əldə olunan kvalifikasiyalar üzrə qeydiyyata alınıb. Ən çox müraciət olunan ixtisaslar siyahısına hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və tibb daxildir.”