Bakı. Trend:
Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Trend xəbər verir ki, bu barədə Litva XİN “X” sosial media hesabında qeyd edib.
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı xəbər məni çox kədərləndirdi. Litva xalqı adından qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk”- paylaşımda bildirilib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.