Bakı. Trend:
Bu gün “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması və sərnişinlərin ölümü ilə nəticələnən qəza ilə bağlı dərin hüznlə başsağlığı veririk.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Azərbaycan, Qırğızıstan və Rusiya xalqlarının itkisinin sağalmaz ağrısını bölüşərək, həmrəyliyimizi bildirir və həlak olanların ailələrinə və yaxınlarına dəstək sözlərimizi bildiririk. Təyyarə qəzasında yaralananların tezliklə sağalmasını və ailələrinə qovuşmasını arzu edirik.
Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin tapşırığı ilə Qazaxıstan tərəfi xüsusi komissiya yaradıb və hadisə yerində lazımi yardımı göstərir", - məlumatda vurğulanıb.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.