Bakı. Trend:
Azərbaycan və SOCAR ölkəmizə və bütövlükdə İtaliyaya yeni investisiyalar, müasir yanaşma və dəyərli təcrübə gətirə bilər.
Bunu Trend-ə açıqlamasında "Italiana Petroli S.p.A"nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində bildirib.
O, təmsil etdiyi şirkətin tarixi yolundan danışıb: "Italiana Petroli S.p.A" olaraq bizim əsas töhfəmiz ondan ibarətdir ki, uzun tarixi olan bir şirkət kimi son illərdə uğurlu fəaliyyət göstərmişik. İtaliyada ilk neft şirkəti kimi həm pərakəndə satış, həm emal, həm də logistika sahəsində böyük təcrübə qazanmışıq.
Düşünürəm ki, Azərbaycan və SOCAR ölkəmizə və bütövlükdə İtaliyaya yeni investisiyalar, müasir yanaşma və dəyərli təcrübə gətirə bilər".
Uqo Braçetti Peretti Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib: "Azərbaycan Aralıq dənizi regionunda qaz, xam neft və neft məhsullarının istehsalı üzrə əsas ölkələrdən biridir. Bu sahədə Azərbaycanın böyük etibarı və nüfuzu var. Biz də Azərbaycanla bu əməkdaşlığı qurduğumuz üçün çox məmnunuq".
Qeyd edək ki, bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Italiana Petroli S.p.A" və "MIP S.p.A" arasında səhmlərin alqı-satqısı üzrə üçtərəfli saziş imzalanıb.
Sazişə SOCAR prezidenti Rövşən Nəcəf və "Italiana Petroli S.p.A" şirkətinin İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imza atıblar.
Bu razılaşma Azərbaycanın enerji sektorunda beynəlxalq əməkdaşlığın dərinləşməsi və SOCAR-ın strateji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.