Bakı. Trend:
Asiya İnkişaf Bankı Azərbaycanda strateji investordur.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı daimi nümayəndəliyinin özəl sektorun inkişafı üzrə baş mütəxəssisi Sənan Şabanov deyib.
“Biz hökumət və yerli idarəetmə orqanları ilə əməkdaşlıq edirik, biznes üçün əlverişli mühitin yaradılmasını və yaxşılaşdırılmasını dəstəkləyirik və yerli KOB-ları dəstəkləmək üçün bütün imkanlardan istifadə edirik. Maliyyə alətlərindən əlavə, yerli idarəetmə orqanlarının və KOB-ların potensialının artırılması üçün texniki yardım göstəririk”, - deyə o bildirib.
Şabanov qeyd edib ki, özəl sektorun inkişafı, o cümlədən mikro, kiçik və orta müəssisələrin (KOB) inkişafı bankın əsas istiqamətlərindən biridir.
“Bütün əməliyyat və sövdələşmələrimizdə biz məsələlərə müxtəlif baxış bucaqlarından yanaşırıq, o cümlədən KOB-ların perspektivindən, sövdələşmələrimizin və investisiyalarımızın bazardakı kiçik oyunçulara necə fayda verəcəyini qiymətləndiririk. Biz hesab edirik ki, özəl sektorun və KOB-ların inkişafı sadəcə formal tələblərin yerinə yetirilməsi və ya sənədlərdə qeyd qoymaq deyil, həm də iqtisadi təhlilin aparılmasıdır: infrastruktur layihələrinə nə qədər mikro və kiçik müəssisənin cəlb olunduğu”, - deyə o əlavə edib.