Bakı. Trend:
ABŞ-də Prezident Donald Trampın helikopterinin ekipajını lazerlə kor etməyə cəhd edən şəxs həbs olunub.
Trend xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Hadisə sentyabrın 20-də axşam saatlarında Trampın olduğu helikopterin Ağ Evdən yola düşməsi zamanı baş verib.
ABŞ Məxfi Xidmətinin əməkdaşı şübhəli şəxsi küçədə köynəksiz halda öz-özünə yüksək səslə danışarkən görüb. Agent ona yaxınlaşanda həmin şəxs qırmızı lazeri prezident helikopteri havaya qalxarkən pilotların üzünə tutub.
Məxfi Xidmət əməkdaşı dərhal lazeri onun əlindən alıb və qollarını qandallayıb.
Məhkəmə sənədlərində qeyd olunub ki, həmin şəxsin hərəkətləri prezident helikopterinin pilotu üçün, xüsusən də müşayiətçi helikopterlərin yaxınlığında aşağı hündürlükdə uçuş zamanı qəfil görmə itkisi və oriyentasiyanın pozulması riski yaradıb.