Bakı. Trend:
Sentyabrın 23-də Heydər Əliyev Mərkəzində 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub.
Trend xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən festival “Əbədi həqiqət axtarışında” mövzusunda beynəlxalq forumla işinə başlayıb.
Forumda Azərbaycanla yanaşı, Almaniya, İran, İraq, Kanada, Qazaxıstan, Oman, Özbəkistan, Pakistan, Şimali Kipr, Tacikistan, Türkiyədən alimlər iştirak ediblər.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxışında bildirib ki, Azərbaycanın zəngin mədəni irsi və ədəbi ənənələri əsrlər boyu xalqımızın mənəvi inkişafına xidmət edib və bu irsin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, həmçinin qeyd edib ki, festivalın keçirilməsi həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə Azərbaycan mədəniyyətinin tanıdılması və qlobal əməkdaşlığa töhfə verilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Nazir vurğulayıb ki, bu tədbirlər, eyni zamanda, ölkəmizin suverenliyi və ərazi bütövlüyü şəraitində həyata keçirilir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlər Azərbaycan mədəniyyətinin inkişafını daha da gücləndirir.
“Nəsiminin irsi təkcə mədəni və ədəbi dəyər deyil, həm də bütün bəşəriyyət üçün aktual olan humanist dünyagörüşün əsasını təşkil edir. Hesab edirik ki, bu festival xüsusi əhəmiyyət kəsb edir, çünki Nəsimi yaradıcılığının, onun fəlsəfəsinin və zəngin ədəbi irsinin müzakirəsi daha dərin və sistemli kontekstdə aparılır, dünya elmi və ədəbiyyatı üçün yeni üfüqlər açır.
“Nəsimi” festivalı sadəcə ədəbiyyat bayramı deyil. Bu, şeriyat, fəlsəfə, mədəniyyət və humanizmin sintezidir. O, mədəniyyətlər, elm və mənəvi dəyərlər arasında dialoqun birləşdirici meydanına çevrilib.
Son illərdə Nəsimi yaradıcılığının İslam dünyasında və Şərqdə ciddi diqqət mərkəzinə çevrilməsi də təsadüfi deyil. Onun yaradıcılığı humanitar tədqiqatlarda xüsusi yer tutur, insanın dəyərinə, daxili aləminə, ədalətə əsaslanan fəlsəfəsi isə müasir dövrümüz üçün olduqca aktualdır. Əminik ki, hazırkı festival çərçivəsində də beynəlxalq forum bu dəyərlərin təsbitinə, xüsusilə gənclər arasında təşviqinə yönəlmiş yeni ideyaların inkişafına töhfə verəcək. Axı Nəsimi fəlsəfəsinin mərkəzində həmişə insan və onun ləyaqəti dayanır. Bu isə təkcə mədəniyyətə deyil, həm də ictimai həyatın bütün sahələrinə – iqtisadiyyata, təhsilə, hətta dövlət siyasətinə aiddir. Nəsimi bu gün yalnız şair deyil, həm də humanist istiqamətlərin mənbəyidir.
“Nəsimi” festivalı mədəniyyəti, ədəbiyyatı və insanın daxili mənəvi aləmini birləşdirən unikal hadisədir”,- deyə nazir vurğulayıb.