Bakı. Trend:
Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) ikinci günü öz işinə başlayıb.
Trend xəbər verir ki, AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin (TEHA) strateji tərəfdaşlığı, həmçinin “Euronews” və “Sea Breeze”in media və təşkilati dəstəyi ilə keçiriləcək forum dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq investorları bir araya gətirir.
Forumun ilk günündə olduğu kimi bu gün də kifayət qədər canlılıq
müşahidə olunur. Bu gün müzakirə olunacaq strateji investisiya,
maliyyələşmə, təhsil, səhiyyə sahələrində çağırışlar, Azərbaycanın
azad edilmiş ərazilərinin yenidən qurulmasında görülmüş tədbirlər
və s. tədbirə diqqəti daha çox artırıb. Belə ki, tədbirin ikinci
günü dövlət-özəl tərəfdaşlığı, səhiyyə, biotexnologiya, əczaçılıq
və rəqəmsal sağlamlıq, kənd təsərrüfatı, aqrobiznes, ərzaq
sənayesi, sənayeləşmə, kiçik və orta sahibkarlıq, “yaşıl” keçid və
digər mövzulara həsr olunan panel sessiyaları baş tutacaq. Tədbir
çərçivəsində həmçinin müxtəlif mövzularda tematik müzakirələr,
ölkəmizin investisiya imkanları və potensialına dair sərgi təşkil
edilib.
Bundan başqa, eyni zamanda forum çərçivəsində bir sıra sazişlərin
imzalanması mərasimi də baş tutacaq.
Ümumilikdə, forumun keçirilməsində məqsəd Şərq və Qərbin, Şimal
və Cənubun strateji qovşağında yerləşən Azərbaycanın region
ölkələri ilə konkret layihələr üzrə tərəfdaşlıqların
genişləndirilməsi, qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyət
mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda Azərbaycanın
şəffaf və dayanıqlı iqtisadiyyatı, əlverişli işgüzar mühiti,
strateji inkişaf prioritetləri, geniş investisiya imkanları və
mühüm nəqliyyat-logistika üstünlükləri barədə məlumatlılığı daha da
artırmaq və beynəlxalq marağı təşviq etməkdir.
Tədbirdə müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, dünyanın
aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə
institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes
nümayəndələri və qlobal investorlar, yerli və xarici media
təmsilçisi daxil olmaqla ümumilikdə 1000-dən çox iştirakçı yer
alıb.
Xəbər yenilənəcək