Bakı. Trend:
Bu gün Nyu-Yorkdakı mənzil-qərargahda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksək səviyyəli debatlar start götürür.
Trend-in məlumatına görə, 150-dən çox dövlət və hökumət başçısı həmçinin nümayəndə heyətləri ilə birlikdə tədbirdə iştirak edir. Dünya liderlərinin çıxışları sentyabrın 30-dək davam edəcək.
Nyu-York şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib: polis qüvvələrinin sayı artırılıb, kortejlər, dronlar, helikopterlər və patrul xidmətləri cəlb olunub, əsas küçələr bağlanıb.
Sessiyanı BMT Baş katibi Antonio Quterreş və qurumun builki prezidenti Annalena Berbok giriş nitqi ilə açacaq. Ardınca ənənəyə uyğun olaraq ilk çıxışı Braziliya Prezidenti Luiz İnasio Lula da Silva edəcək. Daha sonra isə ev sahibi ölkənin lideri – ABŞ Prezidenti Donald Tramp çıxış edəcək.
Debatlar “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunub. Müzakirələrdə Rusiya–Ukrayna müharibəsi, Qəzzadakı vəziyyət, Fələstin məsələsi, dayanıqlı inkişaf məqsədləri və iqlim böhranı əsas diqqət mərkəzində olacaq.