Bakı. Trend:
İnfrastruktur layihələrin gerçəkləşdirilməsi ilə bağlı yanaşmaların fundamental səviyyədə təkrar nəzərdən keçirilməsi zəruridir.
Trend xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Azərabycandakı nümayəndəliyinin direktoru Sunniya Durrani-Camal Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
“Ən çox hallarda infrastrukturun yenilənməsi üzrə layihələr həddən artıq genişmiqyaslı, mürəkkəb və baha başa gəlir. Bu problemin həlli bizim infrastrukturumuzun inkişafına yanaşmada fundamental dəyişiklik, həmçinin qiymət və keyfiyyətin uyğunluğu barədə düzgün sualların qoyulmasını tələb edir”,- deyə o qeyd edib.
Durrani-Camalın sözlərinə görə, həmçinin layihələrin başlanması və müşayiəti üçün dövlət qurumlarının daxilində potensialın yaradılması, inkişaf üçün əlverişli mühitin formalaşdırılması və özəl kapitalın səfərbər edilməsi də vacibdir.
“Məhz burada, mənim fikrimcə, beynəlxalq maliyyə təşkilatları xüsusi dəyərə malikdir – həm əsas bazarlarda, həm də yüksək risk zonalarında. Çünki biz risklərdən sığortalar, faiz dərəcələrinin artırılması mexanizmləri, eləcə də kredit maliyyələşməsi daxil olmaqla bir çox maraqlı maliyyə alətləri və strukturlarına malikik”, - deyə bank nümayəndəsi əlavə edib.