Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində laborant vəzifəsinə işə qəbul müsahibəsi başlayır.
Trend xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, 24 sentyabr 2025-ci il tarixindən start veriləcək müsahibə mərhələli şəkildə həyata keçiriləcək.
İlkin mərhələdə qeyd edilən vəzifə üzrə ixtisası, təhsil səviyyəsi, həmin sahədə iş təcrübəsi, şəhid və müharibə veteranı ailə üzvü olması nəzərə alınmaqla seçilmiş namizədlər müsahibəyə dəvət edilib.
Müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.
Müsahibə zamanı namizədlərin bilik və peşəkar keyfiyyətləri
müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri
mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.
Uğur qazanmış namizədlərin yerləşdirilməsi aşağıdakı meyarların
ardıcıllığına uyğun həyata keçiriləcək:
- Şəhid və müharibə veteranı ailə üzvləri
- Müvafiq vəzifəyə uyğun ixtisas (ali, orta ixtisas)
- Təhsil səviyyəsi
- Pedaqoji və laboratoriya sahəsində iş stajının olması.
Uğurla keçən, lakin yerləşdirilməyən namizədlər ehtiyat kadr bazası
siyahısına daxil ediləcək. Ehtiyat kadr bazasına daxil olan
şəxslərin vakant vəzifəyə yerləşdirilməsi iki il ərzində həyata
keçirilə bilər.