Bakı. Trend:
Heydər Əliyev Mərkəzində Nəsimi - şeir, mənəviyyat, incəsənət festivalının təntənəli açılışı keçirilib. Festival Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub, Təhsil, Elm və Mədəniyyət üzrə Ümumdünya İslam Təşkilatı (ISESCO) ilə tərəfdaşlıq əsasında reallaşıb.
Trend xəbər verir ki, festivalın açılışında “Əbədi həqiqətin axtarışında” mövzusunda Beynəlxalq Forum keçirilib.
Forumda Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Kanada, Almaniya, İran, İraq, Oman, Tacikistan və digər ölkələrdən təxminən 70 tədqiqatçı və alim iştirak edib.
Qonaqlardan biri əvvəllər İranın Zəncan və Sənəndəc universitetlərində çalışmış, son illərdə isə Kanadada yaşayan və Saymon Freyzer Dövlət Universitetində fəaliyyət göstərən doktor Məhəmmədreza Kərimi (Kanada) olub. Alim “Nəsiminin Azərbaycan ədəbi dilinin formalaşması tarixində yeri və onun nəqli” mövzusunda məruzə ilə çıxış edib.
“Mən üçüncü dəfədir Azərbaycana gəlirəm və burada hər zaman müxtəlif tədbirlər ən yüksək səviyyədə təşkil olunur. İran kitabxanalarından birində apardığım araşdırmalar nəticəsində Nəsiminin insanın kamilliyə gedən doğru yolunu göstərən, böyük şair və filosofun fəlsəfəsini dərin şəkildə əks etdirən “Təriqətnamə” əsərini tapdım. Əvvəlki illərdə Nəsimi festivalı əsasən mədəni irs prizmasından təqdim olunurdu, bu il isə əsas diqqət böyük şairin yaradıcılığının elmi araşdırılmasına yönəldilib, bu, həqiqətən böyük əhəmiyyət kəsb edir. Mən müxtəlif ölkələrin alimlərinin Nəsimi irsinin öyrənilməsi ilə bağlı öz baxışlarını və tədqiqatlarını təqdim edə bildiyi, maraqlı fikirlərin mübadilə edildiyi beynəlxalq forumu yüksək qiymətləndirirəm”, – deyə Məhəmmədreza Kərimi bildirib.