Bakı. Trend:
Qazaxıstanın “Fonte GreenMet Investments Fund” şirkəti ilə imzaladığımız müqavilə çərçivəsində illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (HBI) zavodunun layihələndirilməsi, maliyyələşdirilməsi, qurulması və idarə edilməsi təmin olunacaq.
Trend xəbər verir ki, bunu "Daşkəsən Dəmir Filiz" MMC-nin Baş direktoru Ceyhun Əliyev bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günü çərçivəsində təşkil edilən brifinqdə bildirib.
Onun sözlərinə görə, zavod Şəmkir rayonunda inşa ediləcək: "Zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi planlaşdırılır. İstehsal prosesində müasir texnologiyalar, ekoloji baxımdan təhlükəsiz və dayanıqlı üsullar tətbiq olunacaq. Bizim üçün prioritet yalnız iqtisadi tövhə deyil, həm də ekoloji məsuliyyətdir: ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi və müasir, təhlükəsiz texnologiyaların tətbiqi DDF-in əsas iş prinsiplərindəndir".
"HBI zavodunun birbaşa reduksiya (DRI-direct reduced iron) texnologiyası əsasında fəaliyyət göstərməsi planlaşdırılır. Bu texnologiya – ənənəvi domna sobalarından fərqli olaraq karbon emissiyalarının 60%-dək azaldılmasını mümkün edir. Belə ki, kömürdən istifadə edilən domna sobaları ilə müqayisədə burada təbii qazdan istifadə edilir. Həmçinin, bu növ zavodlar gələcəkdə sıfır karbon emissiyasına nail olmaq üçün, istehsalatda təbii qaz əvəzinə hidrojenə keçid etməyə imkan yaradır. Bu səbəbdən, sözügedən texnologiya müasir dövrün tendensiyaları ilə tam ayaqlaşır", - deyə C. Əliyev qeyd edib.