Bakı. Trend:
Son dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur. Yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, Azərbaycana qarşı dezinformasiya yayan yuxarıda qeyd olunmuş media resurslarının saxta xəbərlərinin təsiri altında Türkiyə mediasında və sosial media seqmentində bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur.
"Beynəlxalq ictimaiyyəti, media resurslarını, jurnalistləri və ictimai fəalları bu kimi dezinformasiya və saxta xəbərlərə inanmamağa çağırır, belə hallara qarşı prinsipiallıq, sayıqlıq nümayiş etdirməyə səsləyirik", - deyə açıqlamda bildirilib.