Bakı. Trend:
"Azerbaijan Metal Company" şirkəti "Fonte GreenMet Investments Fund”un investisiya portfelinin mühüm hissəsinə çevriləcək.
Trend xəbər verir ki, bu barədə "Fonte GreenMet Investments Fund OEIC" şirkətinin baş direktoru Ercan Musin I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında məlumat verib.
“İlk növbədə dost və qardaş Azərbaycanla birgə investisiya layihəsinin həyata keçirilməsindən dərin məmnunluğumu bildirmək istəyirəm. Qazaxıstanı Azərbaycanla dərin tarixi və mədəni əlaqələr bağlayır.
Əminəm ki, "Azerbaijan Metal Company" MMC "Daşkəsən Dəmir Filiz" MMC ilə tərəfdaşlıqda idarə olunacaq birgə müəssisə olaraq, “Fonte GreenMet Investments Fund”un xarici investisiya layihələri arasında xüsusi strateji yer tutacaq və bizim investisiya portfelimizin mühüm hissəsinə çevriləcək. Bu əməkdaşlıq yalnız iqtisadi baxımdan deyil, həm də elmi-texniki biliklərin mübadiləsi, müasir texnologiyaların tətbiqi və birgə innovativ istehsalın təşkili baxımından böyük perspektivlər açır. Layihənin gerçəkləşdirilməsi Azərbaycana yüksək keyfiyyətli metallurgiya məhsullarının istehsalçısına çevrilməyə imkan verəcək ki, bu da öz növbəsində bütün Cənubi Qafqaz regionunun sənaye xəritəsində yeni bir səhifə açmış olacaq”,- deyə o bildirib.
Musin həmçinin qeyd edib ki, Azərbaycanın dayanıqlı iqtisadi islahatlara sadiqliyi, sabit investisiya mühiti, geostrateji mövqeyi və zəngin resurs potensialı xarici investorlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq üçün olduqca cəlbedici imkanlar yaradır.