Bakı. Trend:
Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.
Trend xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, İran Prezidenti Məsud Pezeşkian, Bolqarıstan Prezidenti Rumen Radev, Pakistanın Baş naziri Şahbaz Şərif, Prezident Asif Əli Zərdari, Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Türk Dövlətləri Təşkilatı, Kuba Prezidenti Migel Dias-Kanel, Portuqaliya Prezidenti Marselo Rebelo de Souza, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, həmçinin Səudiyyə Ərəbistanı hökuməti, bir sıra dövlət və hökumət rəsmiləri, bir sıra ölkələrin Xarici İşlər nazirlikləri, dost dövlətlərin parlament sədrləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların nümayəndələri təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.