...

Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmədə hadisə günündən danışdı

Hadisə Materials 3 Mart 2025 12:27 (UTC +04:00)
Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmədə hadisə günündən danışdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 17 yaşlı Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hadisə ötən il oktyabrın 2-də saat 14:00 radələrində paytaxtın Sabunçu rayonunda baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü Yasin Mirzəyev həmyaşıdı Həsən Qurbanovu kəsici alətlə qətlə yetirib.

Dövlət ittihamçısı bildirib ki, qətlə yetirilən Həsən Qurbanov məktəblidir və hadisə də oxuduqları orta məktəbin yaxınlığındakı qəbiristanlıq ərazisində baş verib.

Təqsirləndirilən Yasin Mirzəyev özünü cinayət işi üzrə təqsirli bilib.

Daha sonra təqsirləndirilən Yasin Mirzəyev ifadə verib.

O bildirib ki, onun dostu Əlirza ilə Həsənin arasında "WhatsApp" qrupunda mübahisələri düşüb:

“Mübahisə baş verən günün səhəri məktəbin çıxışına mübahisəni həll etməyə çalışdıq. Yanlarında 5-6 nəfər var idi. Salamlaşdıq. Dedim ki, aramızda nə olub? Həsən cavab vermədi və qəbiristanlıq tərəfdə söhbət etməyi təklif etdi. Orada mübahisə yarandı. Əlirza və Həsən arasında dava düşdü. Orada Həsən söyüş söydü. Mən bıçaq çıxaraq onu ayağında vurdum. Bıçaq əlimdən düşdü. Qan görmədim. Bıçağı götürüb ikinci zərbəni vurandan sonra uşaqlar qaçdı. Mənimlə Həsən qaldı. Mən bıçağı belimə qoyaraq qaçmaq istədim. Amma qaçmadım. Əvvəlcə nə edəcəyimi bilmədim. Sonra ətrafdakılardan kömək istədim”.

Təqsirləndirilən şəxs bildirib ki, Əlirza ilə Həsən əvvəlki günlərdə də mübahisə edib: "Biz də onların yanında olmuşduq. Onlar arasında mübahisəyə aydınlıq gətirmək olub. Mənim məqsədim dava etmək yox, onlar arasında olan problemi həll etmək olub. Üzərimdə bıçaq həmişə olub. Normalda bıçağı üzərimdə gəzdirməkdə məqsədim olmayıb, amma həmin gün söhbətə görə bıçağı götürmüşdüm. Birinci mübahisəni Həsən edib. Həsən Əlirzanı vururdu. O isə Həsəni vura bilmirdi. Çünki zəif uşaq idi".

Təqsirləndirilən şəxs zərərçəkən şəxsin ailəsindən üzr istəsə də, ailə bunu qəbul etməyib və ona ən ağır cəzaının verilməsini istəyib.

Məhkəmənin növbəti iclası 14 aprelə təyin olunub.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti