Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdərə rayonu, Çıldıran və Çapar kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmadan söndürülüb.
Yanğın nəticəsində 80 hektar sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb. Lakin sıx meşəlik ərazi yanğından mühafizə olunub.