Bakı. Trend:
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Tufan” markalı, 99-X-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.Məmmədovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, iki ay inzibati qaydada həbs edilib.
Digər sürücünün də müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilir.